Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə ilə Çindao şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb

19 iyun 2023 | 12:41

14-16 İyun 2023-cü il tarixində Çinin Çindao şəhəri Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyi və Şandon Əyaləti Hökumətinin birgə təşkilatçılığı ilə keçirilmiş “Xalq Diplomatiyası və Qardaşlaşmış Şəhərlər” və “İstehsal və Təchizat Səncirləri” Forumlarına, eləcə də 23-cü ŞƏT İnvestisiya və Ticarət Sərgisinə ev sahibliyi etmişdir.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, cari ilin 15 iyun tarixində ŞƏT ailəsinə daxil olan ölkələrin əyalət və şəhərlərinin iştirakı ilə keçirilmiş “Xalq Diplomatiyası və Qardaşlaşmış Şəhərlər Forumu”nda təşkilata daxil olan ölkələrin elm, təhsil, texnika, innovasiya, yoxsulluqla mübarizə və sosial-iqtisadi inkişaf sahələrində əməkdaşlığı ətrafında müzakirələr aparılmış və ölkələr arasında əlaqələrin dərinləşməsində regionlar arasında işbirliyinin əhəmiyyətinə diqqət yönəldilmişdir. Forum çərçivəsində Çin Xalq Respublikasının Çindao şəhəri ilə Azərbaycan Respublikasının Gəncə şəhəri arasında dostluq və əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi də keçirilmişdir. Sözügedən sazişi Gəncə şəhərinin adından Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı Çindao şəhərinin adından isə şəhər merinin müavini Qen Tao imzalamışlar. 10 milyon nəfərdən çox əhalisi olan Çindao Çinin əsas beynəlxalq liman şəhərlərindən biri olmaqla yanaşı, həm də ölkənin əsas turizm bölgəsi və dünyaca məşhur Haier, Hisense və CRRC kimi  şirkətlərin istehsal müəssisələrinə ev sahibliyi edən vacib sənaye şəhəridir. Çindao şəhərinin 2022-ci ildə ÜDM-si 3.9 faiz artım nümayiş etdirərək, 223 milyard ABŞ dolları təşkil etmişdir. Gəncə və Çindao arasında imzalanmış sözügedən saziş şəhərlər arasında ticarət-iqtisadi və mədəni-humanitar təmasları fəallaşdırmaqla yanaşı, Azərbaycan-Çin münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan regionlararası əməkdaşlığın dərinləşməsinə də öz töhfəsini verəcəkdir.

Cari ilin 16 iyun tarixində Çindao şəhərində yerləşən və ÇXR Sədri Si Cinpinin təşəbbüsü ilə yaradılmış Çin-ŞƏT İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasında Azərbaycan Respublikasının Milli Pavilyonunun rəsmi açılış mərasimi keçirilmişdir. Daimi əsasda fəaliyyət göstərəcək Milli Pavilyonun açılış mərasimində iştirak edən səfir Əkrəm Zeynallı öz müasir dizaynı və milli üslubu ilə seçilən Azərbaycan Pavilyonunun ölkəmizin qədim tarixi və zəngin mədəniyyətinə dair məlumatları özündə ehtiva etməklə yanaşı, onun müasir inkişafını və qüdrətini də təcəssüm etdirdiyini bildirmişdir. Azərbaycan Səfirliyinin dəstəyi və Çin-ŞƏT İqtisadi və Ticarət Əməkdaşlığı Nümayiş Zonasının təşkilatçılığı ilə yaradılmış sözügedən pavilyonun ziyarətçiləri burada ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, müasir dövrdə inkişafı, turizm potensialı və nəqliyyat-logistika imkanları ilə bağlı dolğun məlumat almaqla yanaşı, pavilyonun ticarət bölməsində “Made in Azerbaijan” brendi altında nümayiş etdirilən yüksək keyfiyyətli məhsulların alışını da həyata keçirə biləcəklər.

 

Keçidlər