Gəncə ilə Səmərqənd arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinin meri Fazliddin Umarov ilə görüşüb. Görüş “Urban Expo” sərgisində qurulan Özbəkistan pavilyonunda baş tutub.
Görüş zamanı tərəflər Gəncə və Səmərqənd şəhərləri arasında əməkdaşlıq perspektivləri, şəhərsalma, infrastrukturun inkişafı, mədəni-humanitar əlaqələr və turizm sahəsində birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Niyazi Bayramov Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin sosial-iqtisadi inkişafı, həmçinin beynəlxalq platformalarda iştirakın əhəmiyyəti barədə məlumat verib. O, qədim tarixə və zəngin mədəni irsə malik olan Gəncə ilə Səmərqənd arasında əlaqələrin genişləndirilməsinin hər iki şəhər üçün faydalı olacağını bildirib.
Qeyd olunub ki, Gəncə şəhəri ilə Səmərqənd şəhəri arasında 2023-cü ildə qardaşlaşmaya dair sənəd imzalanıb. Bu sənəd iki şəhər arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Fazliddin Umarov isə rəhbərlik etdiyi şəhərdə həyata keçirilən urbanizasiya layihələri, turizm potensialının artırılması istiqamətində görülən işlər və beynəlxalq əməkdaşlıq təşəbbüsləri haqqında danışıb. O, gələcəkdə qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə şəhərlər arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə qarşılıqlı maraq ifadə olunub.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.






