Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə şəhər Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

17 iyun 2025 | 15:44

Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və Gəncə şəhər Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Səməd Tomuyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. O bildirib ki, ağsaqqallar xalqımızın mənəvi dayağı, sabitliyin və müdrikliyin rəmzidir. Onlar cəmiyyətin formalaşmasında, gənc nəslin tərbiyəsində, milli-mənəvi dəyərlərin aşılanmasında müstəsna rol oynayırlar. Səməd Tomuyev çıxışında  həmçinin qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev hər zaman ağsaqqallara yüksək diqqət və qayğı ilə yanaşır, bu institutun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxışında tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin, İdarə Heyətinin üzvlərinin və öz adından səmimi salamlayıb. O, ağsaqqallıq institutunun cəmiyyətdəki xüsusi rolundan bəhs edərək, bu ənənənin yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. Bayram Yusifov qeyd edib ki, ölkəmizdə ağsaqqallara hər zaman yüksək dəyər verilir, onların təcrübəsi, müdrik məsləhətləri dövlət səviyyəsində qiymətləndirilir.

Tədbirdə çıxış edənlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında ağsaqqalların rolundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi siyasətdən, ağsaqqallara göstərilən dövlət qayğısından söz açıblar.

Daha sonra Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, son bir ildə Şuranın təşkilatçılığı ilə 10 konfrans keçirilib, onlardan 5-i xüsusi əhəmiyyətli regional tədbir olub. Eyni zamanda gənclərin maarifləndirilməsi, tarixi və əlamətdar günlərin qeyd olunması, şəhid ailələri və qazilərlə, təhsil müəssisələrində şagird və tələbələrlə görüşlər təşkil olunub. Gəncə Şəhər İcra Hakimiyyəti, YAP Gəncə şəhər təşkilatı və Qərbi Azərbaycan İcmasının Gəncə nümayəndəliyi ilə əməkdaşlıq genişləndirilib, birgə fəaliyyət proqramları uğurla icra edilib.

Bayram Yusifov hesabat dövründə görülən işləri qənaətbəxş qiymətləndirib və Şuranın fəaliyyətini yüksək dəyərləndirib.

Konfransda elmi-pedaqoji və ictimai fəaliyyətinə, gənc nəslin milli-mənəvi dəyərlərlə tərbiyəsindəki xidmətlərinə görə və 75 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının və Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Fəxri Fərmanla təltif edilib. Üzrlü səbəbdən tədbirdə iştirak edə bilməyən yubilyarın təltifi səlahiyyətli nümayəndəyə təqdim olunub.

Bununla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunmasının şöbə müdiri Yadigar Bədəlovun və şəhər Aqsaqqallar Şurasının üzvlərinin iştirakı ilə Gəncədə Müdafiə Nazirliyinin Quru Qoşunlarına məxsus N saylı hərbi hissədə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş əsgərlərlə görüş təşkil edilib. Görüşün sonunda hərbi hissənin kitabxanasına Ulu Öndər Heydər Əliyevin mənalı həyat və zəngin irsinə həsr olunan kitablar hədiyyə edilib. 

Keçidlər