“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin yeni direktoru kollektivə təqdim edilib
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsinə direktor vəzifəsinə təyinat olub. Sözügedən vəzifə İsmayılov İlkin Yusub oğluna həvalə olunub.
Təqdimat mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və TƏBİB-in Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin koordinatoru, həkim-cərrah İmran Qurbanov iştirak edib.
Kollektivə təqdim olunan İlkin İsmayılova işlərində müvəffəqiyyətlər arzulanıb. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin yeni direktoru göstərilən etimada görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, İlkin İsmayılov 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində (Müalicə işi) təhsil alıb. Universitetin Onkologiya Kafedrasında internatura keçərək, 2009-cu ildə Türkiyənin Qazi Universitetinin Ümumi Cərrahiyyə fakültəsində təhsilini davam etdirib. Həmin Universitetdə Uzmanlıq elmi dərəcəsini alan İlkin İsmayılov 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında ümumi cərrah, baş həkim, daha sonra isə baş direktor vəzifəsində çalışıb. 2017-ci ildə Tibb üzrə fəlsəfə doktoru adını alıb. Hazırda Tibb Universitetinin Birinci Cərrahiyyə Xəstəliklər kafedrasının doktorantıdır. Bir sıra yerli və beynəlxalq konfrans və seminarlarda iştirak edən İlkin İsmayılov, 2021-ci ildən "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsdə direktorun müavini - Abbas Səhhət adına xəstəxananın rəhbəri kimi fəaliyyət göstərib.