Gəncə Şəhər İcra Hakimiyyəti məişət tullantılarının idarə edilməsi və küçələrin işıqlandırılması layihələrinin icrasına dair əməkdaşlıq müqaviləsi imzalayıb
Gəncədə Avropa Yenidənqurma və İnkişaf Bankından ayrılan kredit vəsaiti ilə icra olunan bərk məişət tullantılarının idarə edilməsi layihəsi üzrə məsləhətçi şirkət “Teknik TEMPO Uluslararası Mühendislik A.Ş.” və şəhərdə küçələrin işıqlandırılması layihəsi üzrə məsləhətçi şirkət “Urban Technology Alliance” ilə Gəncə Şəhər İcra Hakimiyyəti arasında layihənin icra edilməsində texniki dəstək və məsləhət xidmətləri göstərmələrinə dair müqavilələrin imzalanma mərasimi baş tutub.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Teknik TEMPO Uluslararası Mühendislik A.Ş.”ın içraçı direktoru Evren Akyol, “Urban Technology Alliance”ın rəhbəri Andryu Levkonyuk, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA Gəncə Böməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, bələdiyyə sədrləri, Ağsaqqallar Şurasının sədri və şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Azərbaycanda ilk olaraq, məhz Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" proqramına qoşulub və bu proqram çərçivəsində bir-neçə infrastruktur layihələrinin icra olunması gözlənilir. Bu isə Prezident İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi xüsusi diqqət və qayğının növbəti bariz nümunəsidir. Şəhər rəhbəri məlumat verib ki, icra ediləcək layihələr zamanı ekoloji problemlər, iqlim dəyişikliyi riskləri və ümumilikdə Gəncə şəhərinə məxsus digər xüsusiyyətlər diqqətdə saxlanılması xüsusi prioritet təşkil edəcək.
Tədbirdə çıxış edən rəsmilər həyata keçirilən layihələrin Gəncə şəhəri üçün əhəmiyyətini vurğulayıb və əlavə olaraq layihələr icra olunarkən şəhərin tarixi xüsusiyyətinin də nəzərə alınmasını tövsiyə ediblər.
Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Teknik TEMPO Uluslararası Mühendislik A.Ş.” və “Urban Technology Alliance” şirkətləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Qeyd edək ki, Gəncə şəhərində bərk məişət tullantılarının idarə edilməsi infrastrukturturunun təkmilləşdirilməsi məqsədilə tullantıların toplanması və digər şəhər xidmətləri üçün nəqliyyat vasitələrinin, avadanlıqların, o cümlədən tullantı konteynerlərinin alınması, tullantıların atılma məntəqəsi və dayanacağın təkmilləşdirilməsi ilə bağlı tikinti işlərinin görülməsi nəzərdə tutulub. İcra ediləcək ikinci layihə çərçivəsində Gəncə şəhərində küçələrin işıqlandırılması infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 275 küçəni əhatə edəcək 21 min ədəd led lampaların quraşdırılması, 50 km uzunluğunda alüminium kabellərin və 371 ədəd elektrik şkafının yenilənməsi, işıq dirəklərinin yenilənməsi, o cümlədən küçə işiqlandırılması idarəetmə sisteminin yaradılması və həmin sistemin idarəedilməsi istiqamətində təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulur.