Gəncə Şəhər İcra Hakimiyyətində növbəti dəfə şəhid ailələri və müharibə iştirakçıları ilə görüş baş tutub.
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumları şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlilləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən də bu kateqoriyadan olan vətəndaşlar daim diqqətdə saxlanılırlar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri və və müharibə iştirakçıları ilə görüşüb.
Görüşdə iştirak edən vətəndaşların müraciətləri tək-tək dinlənilib.
Şəhid adının əbədiləşdirilməsi, müalicə üçün köməkliyin göstərilməsi, obyekt inşası üçün torpaq sahəsinin ayrılması, işlə təminat və digər məsələlər müraciətlərin əsasını təşkil edib.
Dilə gətirilən problemlərin bir çoxu yerində öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanunauyğun formada həlli istiqamətində tapşırıqlar verilib.