Gəncə Şəhər İcra Hakimiyyətində rəhbər heyətin nümunəvi Mülki müdafiə məşqi keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin 2023-cü il üçün mülki müdafiə tədbirləri planına müvafiq olaraq, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.
Sözügedən məşqə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının üzvləri, Mülki müdafiə işinin aparıcısı, Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti və Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları cəlb edilib.
Məşqin keçirilməsində əsas məqsəd, Mülki müdafiə planının reallığının, o cümlədən rəhbər, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsinin yoxlanılması və fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsindən ibarət olub.
İki mərhələdən ibarət olan məşqlərin ilkin mərhələsində, məşqin mövzusu, məqsədi və şərti olaraq baş vermiş fövqəladə hadisələr barədə məlumatlar verilib, obyektin mülki müdafiə planı və hər bir vəzifəli şəxsin funksional vəzifələri nəzərdən keçirilib, xilasetmə işlərinə cəlb olunacaq qüvvə və vasitələrin hesabatı dəqiqləşdirilib.
Məşqin ikinci mərhələsində qəza-xilasetmə işlərinin aparılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili, düzgün qərarlar qəbul etmək bacarığı və eyni zamanda mülki müdafiə qüvvələrinin fövqəladə hadisə baş vermiş ərazilərdə xilasetmə və digər təxirəsalınmaz işləri aparmaq bacarığı nəzəri olaraq sxem üzərində nümayış olunub. Şərti olaraq, baş vermiş fövqəladə hadisələr (zəlzələ, yanğın, partlayış, dağıntı) barədə kəşfiyyat məlumatlarına əsasən müəssisəyə mülki müdafiə qüvvələri yeridilmiş, xəsarət alanlar təhlükəli ərazidən çıxarılmiş, ilk tibbi yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib.
Daha sonra iştirakçılara metodiki məşğələ keçirilib. Məşqin gedişi zamanı verilən məlumatlar sxemdə öz əksini tapıb. Məşqin yekunu ilə əlaqədar mülki müdafiə qüvvələrinin rəhbər, komandir-rəis heyətinin sxem üzrə dinləmələri keçirilərək təhlillər aparılıb, FHK tərəfindən qarşıya çıxan nöqsanlar müzakirə olunub və aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, rəhbər heyətinin nümunəvi mülki müdafiə məşqinin keçirilmə planı və məşqin sxemi FHN-in Gəncə Regional Mərkəzi ilə razılaşdırılıb və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilib.