Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi şəkildə sakinlərlə görüşür, onların müraciətlərini dinləyir, mövcud problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verir.
Niyazi Bayramovun vətəndaşlarla növbəti görüşü Gəncə şəhər 14 nömrəli tam orta məktəbdə baş tutub.
Əvvəlcə təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Millət vəkili Müşfiq Cəfərovun, Aparatının məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, bələdiyyə sədrlərinin iştirak etdiyi görüşdə səsləndirilən müraciətlərin arasında mənzil növbəliyi, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi istiqamətində tapşırıqlar verilib.
Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri tərəfindən keçirilən görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır. Bu cür səyyar görüşlər və qəbullar bundan sonra da davam etdiriləcəkdir.