Gəncə şəhəri üzrə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) ilkin layihəsinin təqdimatı onlayn görüş vasitəsilə keçirilib
Gəncədə “Azərbaycanda Merlərin Razılaşması - Şərq və İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri regional layihələrin həyata keçirilməsinə dəstək” Texniki Yardım layihəsi proqramı çərçivəsində şəhər üzrə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP)” ilkin layihəsinin onlayn təqdimatı təşkil olunub.
Görüşdə Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsinin müdir müavini Nərgiz Bağırlı, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Ramilə Aslanova, Texniki Yardım layihəsinin komanda rəhbəri Vitold Sartorius, baş ekspertlər Adel Murtada və Bilyana Çobanova, Gəncə şəhər Nizami Bələdiyyəsinin sədr müavini, Gəncə şəhərin “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı”nın hazırlanmasına görə təyin olunmuş işçi qrupunun rəhbəri Leyla Məmmədova tərəfindən (təqdimat PPT formatı) Gəncə üzrə SECAP-ın ilkin layihəsi təqdim edilib. Həmçinin, şəhərdə fəaliyyət göstərən bir sıra aidiyyəti qurumlara “Baza Emissiya İnventarı”nın hazırlanmasında istifadə və təklif edilən əsas yanaşmalar, təsirin azaldılması və uyğunlaşma məsələləri üzrə tədbirlər barədə məlumat verilib.
Qeyd edək ki, Gəncə şəhər Nizami Bələdiyyəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində dəstəklənən “Merlər Razılaşması” təşəbbüsünə qoşulub. “Merlər Razılaşması”nın məqsədi şəhər təsərrüfatında enerji effektivliyinin artırılması və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin hazırlanması və həyata keçirilməsidir. Həmçinin, Azərbaycan üzrə “Merlər Razılaşması”nın Milli Əlaqələndiricisi Azərbaycan Respublikasının Energetika Nazirliyidir.