Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin daha bir tədbiri keçirilib
07 Sentyabr 2023-cü il tarixində Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası “Gəncə Tekstil” ASC-də gerçəkləşib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin və “Gəncə Tekstil” ASC-nin əməkdaşları iştirak ediblər.
Görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb. Eyni zamanda, işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.