Gəncə şəhəri üzrə Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib
YAP Gəncə şəhər təşkilatında Gəncə şəhəri üzrə Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib.
İclasda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondunu PHŞ-nin Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Gəncə Statistika Komitəsinin, şəhər ərazisində fəaliyyət göstərən bələdiyyələrin nümayəndələri və sahibkarlar iştirak ediblər.
Toplantıda əsas diqqət peşə təhsilinə və müxtəlif peşələrə marağın artırılması, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması, eləcə də məşğulluq imkanlarının genişləndirilməsi məsələlərinə yönəldilib. Sahibkarlarla aparılan müzakirələr zamanı əmək bazarında peşə bacarıqlarına olan tələbat, işəgötürənlərin kadr ehtiyacları və peşə hazırlığının məşğulluğun təmin olunmasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, işsizliyin azaldılması, işaxtaran və işsiz şəxslərin əmək bazarına inteqrasiyası, onların peşə bilik və bacarıqlarının artırılması məqsədilə peşə hazırlığı mühüm əhəmiyyət daşıyır. Qısa müddətdə əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanması həm işaxtaran şəxslərin işlə təmin olunmasına, həm də sahibkarların kadr ehtiyaclarının ödənilməsinə töhfə verir. Bu baxımdan, sahibkarlarla məşğulluq sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
İclasda müzakirə olunan məsələlərlə bağlı maarifləndirmə tədbirlərinin mütəmadi davam etdirilməsi, peşələrə marağın artırılması və əmək bazarının tələblərinə uyğun məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub.






