Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində 52 küçənin təmirini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir

03 oktyabr 2023 | 18:13

Azərbaycan Respublikası Prezidentinin Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılır. Belə ki, Gəncə şəhərində ümumi sahəsi 346 min kv.m. olan 52 adda küçənin təmiri nəzərdə tutulur. Bir müddətdir ki, bu çərçivədə yenidənqurma işlərinə start verilib. 

AAYDA-dan verilən məlumata əsasən, təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunur, yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.

Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncə şəhərində aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək. 

Keçidlər