Gəncə şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri yenisi ilə əvəz olunur.
Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində şəhərdə genişmiqyaslı abadlıq, quruculuq, təmir-bərpa işləri həyata keçirilir. Aparılan işlər çərçivəsində Gəncə şəhərində cari ildə təmirə ehtiyacı olan 220 çoxmənzilli yaşayış binasının dam örtükləri yenisi ilə əvəz olunacaq. Hazırda bu istiqamətdə işlər həyata keçirilir.
Belə ki, şəhərin Adil İsgəndərov, Mikayıl Rəhimov, Vəli Xuluflu küçələrində, Heydər Əliyev prospektində və s. yerlərdə işlər tam yekunlaşıb. Hazırda, Ozan, İsmət Qayıbov, Puşkin, Əli Nəzmi, İsax Cəfərov və digər küçələrdə, Atatürk prospektində yerləşən çoxmənzilli yaşayış binalarında dam örtüyünün yenilənməsi işləri sürətlə davam etdirilir. Ümumilikdə 120-dən artıq çoxmənzilli yaşayış binalarının dam örtükləri yenilənib, 36 binada iş gedir. Yerdə qalan digər binalarda təmir-bərpa işləri mərhələli şəkildə davam etdiriləcək. Bununla yanaşı, şəhərdəki çoxmənzilli yaşayış binalarının dam örtüklərində, novdanlarında, eyvanlarında mövcud olan nasazlıqlar aradan qaldırılır.
Qeyd edək ki, Gəncə şəhərində ümumilikdə 865 yaşayış binası mövcuddur ki, bunlardan 645 binanın dam örtüyü tamamilə yenilənib, 220 binada isə hazırda işlər dam etdirilir. Beləliklə, cari ilin sonuna qədər Gəncə şəhərində çoxmənzilli yaşayış binalarının dam örtükləri tamamilə təmir olunacaq.