Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda təlim keçirilib

20 dekabr 2024 | 15:43

 

“Gender əsaslı zorakılıq mövzusu cəmiyyətdə davamlı bir problem olaraq qalmaqda davam edir. BMT-nin statistik məlumatlarına görə, dünyada hər üç qadından biri həyatının müəyyən dövründə fiziki və ya psixoloji zorakılığa məruz qalır” - bu fikirlər, Hüquq və İnsan Haqları İnstitutunun Gəncə şəhərində “Gender əsaslı zorakılıq əleyhinə mübarizə” mövzusunda təşkil etdiyi növbəti kaskad təlimdə səsləndirilib.

Dekabrın 16-da Gəncə şəhərində keçirilən təlim cəmiyyətin sosial ədalət prinsiplərinə əsaslanaraq gender bərabərliyinin təmin olunması və gender əsaslı zorakılıqla mübarizənin vacibliyini və əhəmiyyətini ön plana çəkmək məqsədilə təşkil olunmuşdur.

Təlimin açılışında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü Xalidə Mete gender məsələlərinin aktuallığından və cəmiyyətin dayanıqlı inkişafı üçün qadın və kişilər arasında bərabər münasibətlərin qurulmasının vacibliyindən bəhs edib.

İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı da çıxış edərək gender əsaslı zorakılığın cəmiyyətə mənfi təsirlərini qeyd edib və bu problemin həlli yollarını diqqətə çatdırıb. Şöbə müdiri İnstitutun təşkil etdiyi silsilə maarifləndirici təlim və tədbirlərin zorakılıq hallarının azaldılması istiqamətində əhəmiyyətli rol oynadığını da vurğulayıb.

İnteraktiv formada təşkil olunan təlim təcrübəli və peşəkar təlimçi Məleykə Əlizadənin mövzu üzrə maraqlı təqdimatları ilə davam edib. Təlim zamanı iştirakçılar gender bərabərsizliyinin sosial, iqtisadi və mədəni kökləri haqqında məlumatlandırılıb və onlar bu məsələlərin həlli yollarına dair müxtəlif təkliflər səsləndiriblər.

Təlim çərçivəsində iştirakçılar “Zərərli normaların aradan qaldırılmasında kişilərin və qadınların üzərinə düşən vəzifələr” mövzusunda qrup işi təqdim edərək, geniş fikir mübadiləsi aparıblar. Bu sessiya zamanı gender stereotiplərinin dəyişdirilməsi və bərabərlik prinsiplərinin tətbiq olunması yolları araşdırılıb.
Sonda 20 təlim iştirakçısına sertifikat təqdim edilib və xatirə şəkli çəkilib.

Keçidlər