Gəncə şəhərində kompleks mülki müdafiə təlimi keçirilib
“Azərbaycan Respublikasının 2023-cü il üçün mülki müdafiə” və “Gəncə Şəhər İcra Hakimiyyətinin İllik mülki müdafiə” Tədbirləri planlarına əsasən 02-04 avqust 2023-cü il tarixlərində Gəncə şəhərində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyanın, Gəncə şəhərinin Mülki müdafiə xidmətlərinin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş idarəsinin və digər aidiyyəti qurumlarının cəlb edildiyi təlim “Azəralüminium” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ərazisində baş tutub.
Əvvəlcə kompleks mülki müdafiə təlimi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib.
Müşavirədə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov təlimin vacibliyindən söz açıb. Şəhər rəhbəri bildirib ki, mülki müdafiə təlimlərinin keçirilməsi əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu sahədə qurumların birgə fəaliyyəti və əməkdaşlığı da olduqca vacibdir. Cari ilin 20 iyul tarixində Gəncə Şəhər İcra Hakimiyyətində aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə təlimə hazırlıqla bağlı metodiki toplantı keçirilib, kompleks təlimlə əlaqədar Mülki müdafiə xidmətinin rəislərinə müvafiq tapşırıqlar verilib.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Niyazi Zamanov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışıb, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, şəhər ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin maarifləndirilməsi, mühafizəsi, xəbərdarlıq, mühafizə vasitələri ilə təminatı, köçürülməsi və digər bu kimi mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanlarının, fövqəladə hallar komissiyalarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal olunan fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin "xəbərdarlıq toplanış" siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.
Tədbirin gedişində şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.