Gəncə şəhərində Məhərrəmlik mərasimlərinin mütəşəkkil qaydada keçirilməsi üçün hazırlıq işləri görülür
Gəncə Şəhər İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi tərəfindən “Tasua” və “Aşura” mərasimlərinin mütəşəkkil qaydada keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən “İmamzadə” dini ziyarətgah kompleksində, həmçinin Gəncənin “Qazaxlar”, “Qırıxlı”, “Şahsevənlər” və “Şah Abbas” Cümə məscidlərində təmizlik işləri görülüb. Müvafiq işlər Gəncə şəhərinin Şəhidlər xiyabanı və “İstiqlal” parkında da aparılıb.
Gəncə şəhərində “Tasua” və “Aşura” mərasimləri mərkəzləşdirilmiş qaydada “İmamzadə” dini ziyarətgah kompleksində keçiriləcəkdir. Buna uyğun olaraq, ziyarətgah ərazisində ehsan çadırları qurulacaq, MKTİB tərəfindən içməli su çənləri yerləşdiriləcək.
Ziyarətçilərin “İmamzadə“yə daşınması üçün xüsusi avtobuslar ayrılacaq. Belə ki, 15 iyul 2024-cü il saat 17:00-dan 16 iyul 2024-cü il tarixi saat 15:00-dək ayrılmış avtobuslar şəhərin dörd istiqamətindən - Təbriz prospekti ilə Mir Cəlal Paşayev küçəsinin kəsişməsindən (“Xan Arxı”nın üstü), “İstiqlal” parkının, Mərkəzi Univermağın, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Kadioloji Xəstəxanasının qarşısından və Ü.Hacıbəyov küçəsi ilə Zülfü Hacıyev küçəsinin kəsişməsindən “İmamzadə” dini ziyarətgah kompleksinə hərəkət edəcəklər.
Vətəndaşların təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədi ilə əraziyə polis, yanğından mühafizə və təcili tibbi yardım briqadaları cəlb ediləcəklər.
Qeyd edək ki, “Aşura” günü “İmamzadə” dini ziyarətgah kompleksində Mərkəzi Qan Bankının Gəncə regional bölməsi tərəfərindən qanvermə aksiyası da təşkil olunacaq.