Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kütləvi qaçış tədbiri keçirilib
Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən kütləvi qaçış tədbiri keçirilib
Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin dəstəyi, Race.az komandasının və Baku Marafon Klubunun tərəfdaşlığı ilə baş tutan yarışda 200 nəfərə yaxın iştirakçı mübarizə aparıb.
Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, açılış mərasimində çıxış edən Federasiyanın prezidenti Cavid Qurbanov bu cür tədbirlərin ölkəmizdə atletika idman növünün kütləviliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Gəncə Şəhər İcra başçısının birinci müavini Səməd Tomuyev və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
Ümumilikdə 11 km məsafəni əhatə edən yürüşdə qaliblər müxtəlif kateqoriyalar üzrə müəyyən olunub. Heydər Əliyev parkında startı verilən yürüşdə ümumi kateqoriyada kişilərdə Toğrul Məmmədli , qadınlarda isə Anna Yusubova qalib adını qazanıb . 40 yaşdan yuxarı kişilər arasında Ceynur Əhmədov , qadınların mübarizəsində isə Leyla Abdinova finişə birinci gəliblər. 50 yaşdan yuxarı iştirakçılar arasında Yadigar Hüseynov və Alyona Süleymanova bütün rəqiblərini qabaqlayıblar. Yaşı 60-dan çox olan idmançılar arasında Tapdıq Dadaşov fərqlənib. Region iştirakçıları isə 6 km məsafəyə qaçışda mübarizə aparıblar. Burada Gəncə təmsiliçəri Səməd Əhmədov və Fidan Yusifova baş mükafata sahib çıxıblar.
Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.