Gəncə şəhərində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 32 il ötür. Bununla əlaqədar olaraq, Gəncədə Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2” yaşayış massivində yerləşən “Xocalı” abidəsənin önündə ümumşəhər tədbiri təşkil olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın vitse-konsulu Şota Dolidze, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və Xocalı sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dölət Himni səsləndirilib.
Daha sonra aparıcı tərəfindən Xocalı soyqırımı barədə məlumat verilib. Bildirilib ki, cinayətkar erməni qoşunlarının törətdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülmə və təhqirlərə məruz qalıblar. 150 nəfərin taleyi isə hələ də məlum deyil. Xocalıda öldürülmüş 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i isə qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib.
Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin qürurunu yaşayır. 2023-cü il sentyabr ayının 19-da Qarabağ iqtisadi rayonunda keçiriən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri düşmən tapdağından tamamilə azad edildi. Sentyabr ayının 24-də isə Xocalı şəhəri Azərbaycan Respublikasının tam nəzarətinə keçdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağını ucaltdı. Bu gün artıq soyqırımı qurbanlarının narahat ruhları şaddır. Bu isə həm onların ailə üzvləri, həm də xalqımız üçün böyük bir təsəllidir.
Saat 17:00-da Xocalı faciəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Niyazi Bayramov rəsmilərlə birgə “Xocalı” abidəsinin önünə gül dəstələri düzüb, şəhidlərimizin əziz xatirəsini yad edib.
Rəsmi hissədən sonra şəhər rəhbəri “Yeni qəsəbə-2” yaşayış massivində məskunlaşan Xocalı sakinləri ilə görüşüb, onları narahat edən məsələlər ilə maraqlanıb.
Qeyd edək ki, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar olaraq şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda tədbirlər təşkil olunub, həmçinin gün ərzində “Xocalı” abidəsi vətəndaşlar tərəfindən ziyarət edilib.