Gəncə şəhərində Yaşıl Şəhər Fəaliyyət Planının ilkin təqdimatı və müzakirəsi keçirilib
Cari ilin iyul ayından başlayaraq Gəncə şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən dəstəklənən Yaşıl Şəhər Fəaliyyət Planının (YŞFP) hazırlanması istiqamətində işlər aparılır. AYİB Yaşıl Şəhər Fəaliyyət Planının (YŞFP) işlənib hazırlanmasına kömək etmək məqsədi ilə "ATKİNS Global" şirkətinin rəhbərlik etdiyi beynəlxalq və yerli ekspertlərdən ibarət məsləhətçi konsorsiumu yaradılıb.
3 noyabr 2022-ci il tarixdə Yaşıl Şəhər Fəaliyyət Planının (YŞFP) ilkin təqdimat, maraqlı tərəflərlə vizyon və strateji məqsədlərlə bağlı müzakirə görüşü keçirilib.
Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər üzrə YŞFP layihəsinin koordinatoru Səməd Tomuyev, başçının müavini Kamran Məhərrəmov, Gəncə YŞFP üzrə layihənin Ddrektoru Vasiliki Kravva, Gəncə YŞFP üzrə layihə rəhbəri Katalina Qalleqo, YŞFP-nın ölkə üzrə rəhbəri Yaşar Kərimov, AYİB-in Yaşıl Şəhər layihəsi üzrə meneceri Real Hacıyev və ekspert qrupu iştirak ediblər.
Səməd Tomuyev çıxışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayıb və bildirib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Azərbaycanda ilk olaraq, məhz Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının "Yaşıl şəhərlər" proqramına qoşulub. Bu isə möhtərəm Prezident cənab İlham Əliyevin Gəncə şəhərinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. O qeyd edib ki, AYİB-in "Yaşıl şəhərlər" proqramı çərçivəsində icra olunacaq layihələr Gəncə şəhərinə ən aktual ekoloji problemləri, iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək. Səməd Tomuyev bu layihənin şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını bildirib və tədbirin gedişatına uğurlar arzulayıb.
Layihə rəhbəri Katalina Qalleqo bildirib ki, YŞFP Gəncə şəhərinə ətraf mühit və davamlılıq problemlərini sistemli şəkildə həllinə kömək etmək məqsədi daşıyır. Layihə iqlim dəyişikliyi, nəqliyyat, enerji, tullantılar, su, torpaqdan istifadə və bu kimi ekoloji problemlərlə bağlı bir sıra sektorlara fokuslanacaqdır. O qeyd edib ki, layihənin icrasının bir hissəsi olaraq, Gəncə şəhəri, AYİB və məsləhətçi qrupu maraqlı tərəflərldən rəy almaq üçün davamlı olaraq onlarla əlaqə saxlayır.
"Biz Yaşıl Şəhərin Ana Xətti üzərində işləyirik, şəhərin mövcud ekoloji vəziyyətini əks etdirən və ətraf mühitin abadlaşdırılmasına, vətəndaşların, yerli ictimaiyyətin yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edəcək bir sıra prioritet məsələləri əks etdirən göstəriciləri qiymətləndiririk. Seminarın məqsədi texniki qiymətləndirmənin nəticələrini təqdim etmək və bu nəticələri maraqlı tərəflərlə birgə yoxlamaq, şəhərin problemlərini prioritetləşdirmək və Gəncə Yaşıl Şəhər Fəaliyyət Planının vizyonunu, məqsədlərini və hədəflərini müəyyənləşdirməkdir" - deyə Katalina Qalleqo əlavə edib.
Tədbir ekspert qrupunun iştirakı ilə layihənin ilkin təqdimatı, maraqlı tərəflərlə vizyon və strateji məqsədlərlə bağlı müzakirələrlə davam edib.
Qeyd edək ki, Gəncə şəhərində "Yaşıl şəhərlər" proqramı ilkin mərhələdə üç istiqamətdə həyata keçiriləcək. Bunlar bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsi ilə bağlıdır. Gəncə və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında qurulan əməkdaşlıq çərçivəsində şəhər ərazisində aparılacaq təkmilləşdirmələrdən Azərbaycanın ikinci böyük şəhərində yaşayan 300 mindən çox əhali bəhrələnəcək.