Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür

04 oktyabr 2023 | 10:13

44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri müxtəlif vaxtlarda dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalıb. İlk raket hucumu 04 oktyabr 2020-ci il tarixdə səhər saatlarında gerçəkləşib.  

Endirilən 3 raket zərbəsi nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs yaralanıb. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən 30-dan çox ev tamamilə dağılıb, 100-dən artıq yaşayış evinə, 10-a yaxın nəqliyyat vasitəsinə ziyan dəyib.

Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda yerləşən ərazilərə edilən ilk ciddi hücum idi.

Hadisədən sonra Azərbaycanın baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb: “Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Keçidlər