“Gəncə Tekstil” ASC-də məhsullar yerli xammal hesabına istehsal olunur
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovla birgə “Gəncə Tekstil” ASC-də olub. Burada onlara istehsal müəssisəsinin fəaliyyəti barədə məlumat verilib.
“Gəncə Tekstil” ASC-nin İdarə Heyətinin sədri İlqar Əliyev bildirib ki, 1926-cı ildə təməli qoyulan müəssisə dövlət müstəqilliyimizin ilk illərində tənəzzül dövrünü yaşayıb. Ulu Öndər Heydər Əliyevin özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində müəssisə 2004-cü ildə fəaliyyətini bərpa edib.
Hazırda burada tibbi tənzif və hiqroskopik tibbi pambıq istehsal edilir. Ay ərzində burada 2 milyon paqonometr tibbi tənzif, 15 ton çəkidə isə tibbi pambıq satışa verilir. Məhsul yerli xammal hesabına istehsal olunur.
Hazırda burada 6 istehsal sexi fəaliyyət göstərir ki, bu sexlərdə də ümumilikdə 127 nəfər çalışır.
Bununla yanaşı müəssisədə ənənəvi üsulla milli dəyərlərimiz olan yun xalçalar da istehsal edilir. Xalçalar əllə toxunduğu üçün sifariş əsasında hazırlanır.
“Gəncə Tekstil” ASC-nin fəaliyyəti ilə tanış olan rəsmilər özəl sektorun inkişafına yönələn dövlət qayğısından danışıblar. Bildirilib ki, məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli istehsala olan maraq artmaqdadır. Sahibkarların üzərinə düşən isə bu etimadı doğruldaraq keyfiyyətli məhsul istehsalıdır.