Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncəbasar ərazisində baş vermiş güclü zəlzələlər

18 fevral 2023 | 11:52

Azərbaycan ərazisi Qafqaz dağlıq sisteminin bir hissəsi olaraq yüksək seysmikliyi ilə seçilir. Onun ərazisi bir sıra seysmoaktiv bölgələrə ayrılır ki, həmin bölgələrdə qədim dövrlərdən indiyə qədər hiss olunan zəlzələlər baş verir. Onlardan bir çoxu dağıntılar və çoxsaylı insan təlafatı ilə müşayiət olunmuşdur. Bu zonalardan biri də Kiçik Qafqazın şimal-şərq hissəsində yerləşən və tarixən öz güclü zəlzələləri ilə məşhur olan Gəncəbasar ərazisidir.

Azərbaycan tarixində yazılı mənbələrdə qeydə alınan ilk zəlzələ 427-ci ildə Gəncə şəhərindən təqribən 25 km cənub-şərqdə baş vermiş zəlzələdir. Bu tarixi mənbələrdə 9 bal gücündə baş vermiş sözügedən minlərlə insanın həlak olduğu bildirilir. Azərbaycanın seysmoloji tarixinin əsası da məhz bu ildən başlanır.

Gəncə ərazisində növbəti güclü və dağıdıcı zəlzələlər 1139-cu və 1235-ci illərdə baş vermişdir. Bu seysmik hadisələr relyefin dağılması və dəyişməsi ilə müşayiət olunmuş, suxurlarda çoxsaylı qırılmalar və çatlar əmələ gəlmişdir:“Allahın şiddətli qəzəbi dünyaya töküldü. Yerin hiddəti və qüvvətli dağıntı dəhşətli qəzəblə bu Alban torpağına yetişdi. Bunun nəticəsində onun paytaxtı Gəncə də öz sakinlərini udaraq, cəhənnəmə atıldı". Gəncədə zəlzələ zamanı həlak olanların sayı dəqiq məlum deyil. Bəzi müəlliflərə görə həlak olanların sayı 230 min nəfər, digərlərinə görə isə 300 min nəfərdir.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi həmin zəlzələ haqqında öz "İsgəndərnamə" sində belə yazır:
"Qopdu bir zəlzələ, göyü oynatdı,
Şəhərlər dağılıb yerlərə batdı.
Dağ-daş sarsılaraq qopub uçanda
Fələk toz altında qaldı bir anda...
Fələk zəncirinin həlqələritək
Yerin də bəndləri ayrıldı tək-tək.
Azdı yollarını gur axan sular,
Dağlar çırpışmaqdan bitab oldular.
Heç bir göz səlamət qalmadı inan
Matəm sürməsinə qərq oldu cahan
O qədər xəzinə batdı o gecə,
O şənbə gecəsi yox oldu Gəncə".

1139-cu ildə baş verən 9-ballıq zəlzələdən sonra Kəpəz dağı uçmuş (dağılmış), Ağsu çayının qarşısı kəsilmiş, təbiət inciləri olan Göygöl, Maralgöl, Şamlıgöl və digər göllər yaranmışdır.

Yüksək seysmikliyi ilə səciyyələnən Gəncə ərazisində baş vermiş və maqnitudası M≥5.0 olan güclü zəlzələlər 1956-cı ilədək müşahidə olunmuşdur. Hazırda Gəncəbasar ərazisində seysmik fon nisbətən aşağıdır. Yeni yüksək həssaslı seysmik stansiyaların açılması ilə əlaqədar hər il Kiçik Qafqazda, o cümlədən Gəncə şəhərində yüzlərlə təkanlar qeydə alınır ki, onlardan da bir neçəsi Gəncədə 3-4 bala qədər hiss olunur.

Kiçik Qafqaz ərazisində sonuncu hiss olunan zəlzələlər 2015-ci ildə baş vermiş və Gəncədə 3-4 bal intensivliklə hiss olunmuşdur. Bu zəlzələlər aşağıdakılardır: 23 fevralda baş vermiş Şəmkir zəlzələsi (40.93 46.21, ml=4.3); 26 mayda baş vermiş Gornayboy zəlzələsi (40.77 46.09, ml=4.7).

Keçidlər