Gəncədə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə dəyirmi masa təşkil olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və ziyalılar iştirak ediblər.
Niyazi Bayramov bildirib ki, bu əlamətdar gün Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Şəhər rəhbəri onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, dilin saflığı, təmizliyi istiqamətində apardığı siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bayram Aslanov Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin xalqımız üçün əvəzedilməz töhfələrdən olduğunu diqqətə çatdırıb. Ana dilimizin hərtərəfli inkişafı, tətbiq dairəsinin genişlənməsi, saflığının qorunması istiqamətində günümüzdə mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Dəyirmi masa Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının müəllimi, Filologiya üzrə elmlər doktoru, professor Yadigar Əliyevin, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasovun və Sosial fənlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadənin çıxışları ilə davam edib.