Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə “İradə Bizim Zəfər Bizim" mövzusunda anım tədbiri keçirilib

15 iyul 2026 | 17:52

Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, millət vəkili Pərvin Kərimzadə, ADAU-nun rektoru Zəfər Qurbanov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilib. Daha sonra din xadimi tərəfindən şəhidlərin xatirəsinə dualar oxunub.

Recep Öztop çıxışında 15 İyul – Demokratiya və Milli Birlik Gününün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, 2016-cı il iyulun 15-də Türkiyə tarixində ən ağır çevriliş cəhdi baş verdi. Ancaq xalq Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışına səs verərək küçə və meydanlara axışdı, dövlətini, demokratiyanı və milli birliyini qorumaq üçün qətiyyət nümayiş etdirdi. Bu gün türk xalqı həmin hadisələr zamanı şəhid olmuş vətən övladlarını böyük minnətdarlıq və ehtiramla yad edir.

Niyazi Bayramov çıxışında bildirib ki, 15 iyul 2016-cı il tarixində türk xalqı milli birliyini və konstitusion quruluşunu qoruyaraq çevrilişə cəhd edən qüvvələrə qarşı tarixi qələbə qazandı. O, qeyd edib ki, bu hadisə zamanı Azərbaycan bir daha “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirdi. Belə ki, dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından böyük narahatlığını bildirən möhtərəm Prezident cənab İlham Əliyev Türkiyə dövlətinə olan dəstəyini açıq şəkildə ifadə etdi.

Niyazi Bayramov çıxışında, həmçinin Şuşada keçirilən Beynəlxalq Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub. O qeyd edib ki, dövlət başçısının "Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq” fikri iki qardaş ölkə arasında dostluq, strateji müttəfiqlik və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə söykəndiyini bir daha təsdiqləyir.

Tədbirin sonunda 15 İyul – Demokratiya və Milli Birlik Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Daha sonra Ekoloji Park Kompleksində yerləşən “15 İyul Şəhidlərinin Xatirə Meşəsi” ziyarət olunub.

Keçidlər