Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 15 iyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü qeyd edilib

15 iyul 2023 | 13:22

Türkiyə Respublikasının Gəncədəki Baş konsulluğunda 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə ələqadar tədbir keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirilib.

Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop 15 İyul - Türkiyənin Demokratiya və Milli Birlik Gününün tarixi önəmindən danışıb. O qeyd edib ki, 2016-cı il iyulun 15-də Türkiyə xain çevriliş cəhdi ilə üzləşdi. Bununla belə, xalq bu vəziyyətə biganə qalmadı, ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın çağırışı ilə minlərlə vətəndaş dövlət çevrilişinə cəhdin qarşısını almaq üçün şəhər meydanlarına və küçələrinə çıxdı, vətənini, dövlətini və demokratiyanı müdafiə etdi. O qeyd edib ki, bu gün türk milləti şəhid və qazilərini şükür, minnət, rəhmət və ehtiramla xatırlayır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, yeddi il əvvəl Türkiyə xalqı irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu. Bir çox məsələdə olduğu kimi, bu dəfə də Azərbaycan Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinə sadiqliyini nümayiş etdirdi. Belə ki, dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin yanında oldu. Hadisənin ilk anlarından böyük narahatlığını bildirən möhtərəm Prezident cənab İlham Əliyev Türkiyə dövlətinə olan dəstəyini açıq şəkildə ifadə etdi.

Tədbirin davamında şəhidlərin xatirəsinə dualar oxunub, 15 İyul – Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Keçidlər