Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə silsilə tədbirlər keçirilib

18 aprel 2025 | 18:24

18 Aprel 2025-ci il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Mədəni  İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Dövlət Turizm Agentliyinin Gəncə Regional İdarəsinin  dəstəyi ilə  Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində  "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin Mədəni İrsinin Qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru v.i.e Vüsal Alıyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin müdiri Pərvin Kazımov, AMEA Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, Gəncə-Daşkəsən Regional  Mədəniyyət  İdarəsinin əməkdaşları, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsi ziyarət olunub.

Tədbirdə çıxış edən rəsmilər tarixi abidələrin qorunması və tanıdılmasının rolundan, gənclər arasında təbliğatının vacibliyindən danışıblar.

Daha sonra Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə tarixi abidələrin təbliği və tanıdılması məqsədi ilə sayca ikincisi baş tutan rəsm sərgisi  keçirilib.  Layihədə 9-14  və 14-25 yaş kateqoriyaları üzrə  23 nəfər iştirak edib. Tədbirdə rəsm sərgisinin iştirakçıları ilə yanaşı Qoruğun təbliği ilə bağlı keçirilən tədbirlərə dəstək verən şəhər ziyalılarına və ictimaiyyət nümayəndələrinə “Təşəkkürnamə”lər təqdim olunub.

Rəsmi hissədən sonra Gəncə Şəhər Uşaq İncəsənət Məktəbinin “Gəncə qönçələri” mahnı və rəqs ansamblı, o cümlədən "Gəncə Əlil Qadın və Uşaq Mərkəzi"nin nəzdində yaradılmış "Günəş" rəqs qrupunun çıxışları izlənilib.

Əlavə olaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Gəncə Tibb Kollecinin tələbələrinin, o cümlədən Gəncə şəhər 1, 4 və 5 nömrəli orta məktəblərin şagirdlərinin Çökək Hamam, Cümə məscidinə, A.Nevski adına Rus Provaslav kilsəsinə,  Cavadxan türbəsinə, Xan bağı və ADAU-nun əsas binasına ekskursiyaları təşkil olunub. Bununla yanaşı, “Gəncə şəhərinin mədəni irsini tanıyaq və qoruyaq” mövzusunda  maarifləndirici  tədbirlər keçirilib.  

Qeyd edək ki, tarixi-mədəni irsimizin qorunması, həmçinin maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır. Ölkəmizin mədəni irs nümunələrinin YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində aparılan ardıcıl və məqsədyönlü işlər bu sahəyə göstərilən dövlət qayğısının təzahürüdür.

Keçidlər