Gəncədə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı qeyd olunub
Türkiyənin Gəncədəki Baş Konsulluğunda 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin Mədəni irsin qorunması sektorunun müdiri Yadigar Bədəlov, DQİDK-nin Gəncə-Daşkəsən Regional Bölməsinin müdiri Həsən Məmmədov, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri, Gəncə şəhərində fəaliyyət göstərən universitetlərdə təhsil alan türkiyəli tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan və Türkiyə Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Recep Öztop 19 May tarixinin Türkiyə Cumhuriyyəti tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, 1919-cu il mayın 19-da Mustafa Kamal Atatürk Bandırma gəmisi ilə Samsuna gələrək Qurtuluş Müharibəsinin əsasını qoyub. Baş konsul qeyd edib ki, Atatürk bu əlamətdar günü gənclərə hədiyyə edib və həmin tarix Türkiyənin istiqlal mübarizəsinin başlanğıcı kimi qəbul olunur.
Yadigar Bədəlov çıxış edərək qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, Atatürkün Anma, Gənclik və İdman Bayramı münasibətilə təbrik edib, Azərbaycanla Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərindən bəhs edib.
Sonda Mustafa Kamal Atatürkün həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.






