Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub

03 fevral 2025 | 14:56

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı və Gəncə Tibb Kolleci PHŞ-nin dəstəyi  ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, GDU-nun rektoru, professor Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin fəal gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra  Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov çıxışında qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir. O, bildirib ki, bu gün gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişib. Niyazi Bayramov çıxışının sonunda gəncləri təbrik edib, onlara ölkəmizin inkişafı naminə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Bayram Aslanov gənclərin bu gün həyatımızın bütün sahələrində yaxından iştirak etdiyini vurğulayıb. Bildirib ki, ölkəmizin iqtisadi gücünün, siyasi nüfuzunun yüksəlməsi işində qüvvə və bacarığını əsirgəməyən gənclər, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliği yolunda mühüm addımlar atırlar.

Rəsmi hissədən sonra Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında fərqlənən gənclər “Fəxri fərman”, “Diplom” və “Təşəkkürnamə”lərlə təltif ediliblər. Fərqlənən gənclər sırasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları da yer alıblar.

Tədbirdə istedadlı gənclərin təqdimatında şeir və musiqi nömrələri səsləndirilib, rəqs nümayiş olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər