Gəncədə 2023-cü il ərzində mülki müdafiə işinin təşkili və vəziyyəti barədə hesabat toplantısı keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə Şəhər İcra Hakimiyətinin 2023-cü ilin Mülki müdafiə Tədbirlər planına əsasən, Şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən şəhər İcra Hakimiyyətinin 2023-cü il ərzində mülki müdafiə işinin təşkili və vəziyyəti barədə hesabatına, həmçinin şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların mülki müdafiə sahəsində fəaliyyətlərinə dair - 2023-cü ilin yekunu və 2024-cü ildə qarşıda duran vəzifələrlə bağlı yekun metodiki toplantı keçirilmişdir.
Tədbirdə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri, Mülki Müdafiə işinin aparıcısı- Yadigar Bədəlov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin MM idarəsinin (mülki müdafiə) tədbirlərin planlaşdırılması Şöbəsinin rəisi mayor Fuad Muradov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin MM-yə hazırlıq Şöbəsinin rəisi polkovnik-leytenant Bəhai Nəsirov iştirak etmişdir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yadigar Bədəlov Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən 2023-cü il ərzində mülki müdafiə sahəsində görülmüş işlər barədə hesabatla çıxış edib.
Çıxışlarda bildirilib ki, «Mülki Müdafiə haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələri həyata keçirmək, o cümlədən fövqəladə hadisələrin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədilə Gəncə şəhəri ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara aidiyyəti üzrə tövsiyə və tapşırıqlar verilib.