Gəncədə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə konsert proqramı təşkil olunub
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər İcra başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhid anaları, müharibə iştirakçıları, ictimai birliklərin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də N saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər.
Əvvəlcə iştirakçılar Gəncə Dövlət Filarmoniyanın qarşısında Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Əsgərə məktub” layihəsində iştirak edərək Vətənimizin keşiyində duran əsgərlərə ürək sözlərini və xoş arzularını yazdıqları məktubları ünvanlayıblar.
Tədbir Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad oluması ilə başlayıb. Daha sonra Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd olunub ki, müstəqil Azərbaycanın güclü və peşəkar ordusunun formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin hərtərəfli və uzaqgörən siyasətində ordu quruculuğu xüsusi yer tutub. Bu siyasi kurs bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər isə Azərbaycan Ordusunun güc və qüdrətinin bariz nümunəsidir.
Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin təqdim etdiyi musiqi proqramı ilə başa çatıb.






