Gəncədə “31 Mart - Azərbaycanlıların soyqırımı” mövzusunda dəyirmi masa keçirilib
31.03.2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyivə AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev, elm xadimləri və ziyalılar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fuad Əliyev çıxışında 31 Mart – Azərbaycanlıların soyqırımı gününün tariximizin ən qanlı səhifələrindən olduğunu və bu hadisənin 1918-ci ildə millətimizin yenicə formalaşmağa başlamış müstəqillik ideyasını boğmaq, Azərbaycanlıları qətlə yetirməklə onların əzəli torpaqlarına sahib çıxmaq, bu coğrafiyada etnik tərkibi öz siyasi planlarına uyğun şəkildə dəyişdirmək məqsədilə bolşevik-daşnak alyansı tərəfindən qabaqcadan düşünülmüş terror aktı olduğunu diqqətə çatdırıb. Fuad Əliyev xalqımızın qan yaddaşının ən ağır və ibrətli anlarından olan 31 Mart tarixinin əsl siyasi statusunun Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını vurğulayaraq, Ümummilli Liderin ölkəmizin başçısı kimi 1998-ci il martın 26-da imzaladığı Fərmanı ilə həmin tarixin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunduğunu bildirib.
Adil Tağıyev öz çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən mart ayının 31-nin Azərbaycanlıların soyqırımı günü kimi rəsmiləşdirilməsinin millətimizin tarixin dərslərindən lazımi ibrət götürərək, düşmənlərimizin niyyətlərini hər an dəf etməyə hazır olması zərurətindən irəli gəldiyini qeyd edib. Adil Tağıyev həmçinin qeyd edib ki, dövlətçiliyimizin qorunması və ona qarşı məkrli planların qarşısının alınması üçün Heydər Əliyevin formalaşdırdığı strateji xəttin davamının ən yüksək təzahürü Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq, düşmənə sarsıdıcı zərbə vurulması olmuşdur.
Professor İbrahim Quliyev tarixi qələbəmizin nəticələrinin və inkişafımızın təminatı, ölkəmizin daha da çıçəklənməsi üçün hər bir vətəndaşımızın öz üzərinə düşən vəzifələri dərk etməsinin zəruri olduğunu vurğulayıb.
Dəyirmi masada “Soyqırımlar tarixi arxiv sənədlərində”, “31 Mart soyqırımı xarici jurnalistlərin gözü ilə”, “Mart soyqırımı mətbuat səhifələrində”, “XX əsrdə törədilmiş soyqırımların tarixi şərtləri” və “Arxiv və kitabxanalarda qorunan, soyqırımlara aid mənbələr” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında fikir mübadiləsi aparılıb.