Gəncədə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib
Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov idmançılar və idmansevərləri 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik edib. Şəhər rəhbəri bildirib ki, bu il ölkəmiz III MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün bir neçə şəhər seçilsə də əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Yəni, Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Niyazi Bayramov ölkəmizi və şəhərimizi təmsil edən idmançılarımızın III MDB İdman oyunlarında yüksək nəticələr göstərəcəklərinə inandığını qeyd edib.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi v.m.i.e. Elvin Quliyev bildirib ki, ölkəmizdə idmana dövlət səviyyəsində böyük diqqət yetirilir. Ölkənin hər yerində olduğu kimi Gəncə şəhrində də müasir tələblərə cavab verən idman qurğuları inşa edilir. O xatırladıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə Gəncədə möhətəşəm İdman Sarayının açılışı olub. Dövlət başçımız tərəfindən təməli qoyulan Gəncə şəhər stadionunda tikinti işləri sürətlə davam edir, Gəncə Olimpiya Kompleksində isə əsaslı təmir işlərinə başlanılıb.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, 5 Mart – İdman və Bədən Tərbiyəsi Günü idmanın və sağlam həyat tərzinin əhəmiyyətini vurğulamaq, cəmiyyətdə idmana olan marağı artırmaq, idmançılarımızın uğurlarını qeyd etmək üçün gözəl bir fürsətdir. İdman təkcə fiziki gücü artıran bir fəaliyyət deyil, idman həm də insanın iradəsini möhkəmləndirir, dostluq və birlik dəyərləri aşılayır. Sağlam və güclü cəmiyyətin qurulması üçün idmanın rolu danılmazdır. Çalışaq ki, idman həyatımızın ayrılmaz bir hissəsinə çevrilsin, bizə daim uğur və sağlamlıq gətirsin!
Rəsmi çıxışlardan sonra güləş, taekvando, karate, kiqboksinq, cüdo, aikido, gimnastika, basktebol və boks idman növləri üzrə idmançıların nümunəvi çıxışları izlənilib. Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblının, Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin, “Xəmsə” Uşaq Rəqs Ansamblının və Xoşqədəm Mehdiyevanın çıxıları tədbirə rəng qatıb.
Tədbirin sonunda 2024-ci ilin yekunlarına əsasən uğur əldə etmiş idmançı və məşqçi-müəllimlər Fəxri Fərmanla təltif ediliblər.