Gəncədə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şahnaz Haşımova, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul əməkdaşları, ziyalılar, o cümlədən təhsil işçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndilirib. Daha sonra Ulu Öndər və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov çıxışında müəllimlərin sosial rifahı Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində olduğunu bildirib. Hər il təhsilin daha da keyfiyyətli olması üçün bütün bölgələrdə olduğu kimi, Gəncənin də təhsil ocaqlarında əsaslı təmir işləri aparıldığını, maddi texniki bazaların möhkəmləndiyini diqqətə çatdırıb. Sonda hər birimizin Ulu Öndər Heydər Əliyevin məktəbini keçdiyini söyləyən Niyazi Bayramov təhsil işçilərini 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib onlara uğurlar arzulayıb.
Tədbirdə iştirak edən rəsmi qonaqlar ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs ediblər. Ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan danışılıb, müəllimlərə bu çətin və şərəfli peşələrində uğurlar arzu ediblər.
Daha sonra bir qrup təhsil işçisi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təltif olunublar.
Tədbir şagirdlərin nümunəvi çıxışları ilə davam edib.