Gəncədə 8 Noyabr – Zəfər Günü münasibətilə hərbi yürüş keçirilib
Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəfər yürüşü baş tutub. Yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, məhkəmə sədrləri, universitet rektorları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, dini konvensiyanın nümayəndələri, Gəncədə fəaliyyət göstərən ali və orta təhsil müəssisələrinin kollektivi, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər.
Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prospektləri ilə davam edib. Zəfər yürüşü hər kəs tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, bu gün Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.