Gəncədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Tariximizin Zəfər Salnaməsi” adlı dəyirmi masa keçirilib
Gəncənin Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq "Tariximizin Zəfər Salnaməsi" adlı dəyirmi masa keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gənədəki vitse-konsulu Şota Dolidze, Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, GDU-nun rektoru, professor Yusif Yusibov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid valideynləri iştirak ediblər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Azərbaycan xalqının tarixinə "Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsindən 3 il keçir. Bu Zəfər salnaməsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən parlaq səhifələrindəndir. 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşdu: işğala son qoyulsun və tarixi ədalət bərpa edilsin. Bu zəfərin təməlində uğurla həyata keçirilmiş dövlət siyasəti, xalqın öz liderinə və ordusuna inamı, ordunun xalqa güvəni dayanır.
Dəyirmi masada çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində qazanılan hərbi-siyasi qələbədən sonra dövlətimiz və xalqımız öz tarixinin tamamilə yeni və qürur doğuran mərhələsinə qədəm qoyub. İndi dünya birliyi, beynəlxalq ictimaiyyət Azərbaycanı yalnız müxtəlif sahələrdə uğurlara imza atan bir məmləkət deyil, həm də qüdrətli bir dövlət kimi tanıyır. Vaxtilə Ümummilli Lider Heydər Əliyevin qurtuluş bəxş etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək, yüksələrək, ən ağrılı problemini belə həll etməyə qadir olan mütləq gücə çevrilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi elə bir şanlı tarixdir ki, hər zaman qururla vərəqlənəcək, daim fərəhlə qeyd olunacaq.