Gəncədə aerobika gimnastikası üzrə 14-cü Avropa Çempionatı yekunlaşıb
14–16 noyabr tarixlərində Gəncə şəhəri aerobika gimnastikası üzrə böyüklər arasında 14-cü Avropa Çempionatına ev sahibliyi edib və yarış yüksək səviyyədə təşkil olunub.
3 gün davam edən yarışda 18 ölkədən 151 gimnast müxtəlif kateqoriyalar üzrə: fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında öz çıxışlarını nümayiş etdiriblər.
Yarışın ikinci təsnifat gününün sonunda komanda hesabında mükafatlandırma baş tutub. Mükafatlandırmada 1-ci yerdə İtaliya, 2-ci yerdə Rumıniya, 3-cü yerdə isə İspaniya qərarlaşıb.
İkinci təsnifat gününün nəticələrinə əsasən gimnastlar final mərhələsinə vəsiqə qazana biliblər. Finala vəsiqə qazananlar arasında qarışıq cütlüyümüz - Mədinə Mustafayeva və Vladimir Dolmatov da yer alıb.
Final günündə bütün kateqoriyalar üzrə finalçıların çıxışları sərgilənib və ən yaxşılar Avropa çempionu adını qazanıb. Aerobika gimnastikası üzrə favorit cütlüyümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov Avropa çempionu adını qazanaraq 1-ci yerin sahibi olublar.
Çempionata qatılan nümayəndələr və idmançılar Gəncə şəhərinin və Gəncə İdman Sarayının müasirliyini yüksək qiymətləndirib, yerli sakinlərin səmimi və qonaqpərvər rəftarını xüsusi vurğulayıblar. Həmçinin ölkəmizdə gimnastikaya göstərilən diqqətin və yarışın yüksək səviyyədə təşkil olunmasının təqdirəlayiq olduğu bildirilib.
Çempionat boyunca Avropa Gimnastikasının maskotu “Luigi” idmançıları motivasiya edərək, tamaşaçılarla interaktiv müsabiqələr keçirib və tədbirə rəng qatıb.
Bununla yanaşı, final mərhələsi çərçivəsində Avropa Gimnastika Federasiyasının vitse-prezidenti Edvard Kolar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova AGF-nin emblemi təsvir olunmuş xatirə nişanını təqdim edib.






