Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Ağsaqqalların və gənclərin Qərbi azərbaycanlılara dəstək" mövzusunda regional konfrans keçirilib

17 fevral 2025 | 10:02

Konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Qərbi Azərbaycan İcmasının Gəncə şəhər nümayəndəliyinin dəstəyi, Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ADAU-nun Baş korpusunda reallaşıb.   

Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA Gəncə Bölməsinin sədri,  akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, Qərb Bölgəsi üzrə Azərbaycan Ağsaqqallar Şurasının, Qərbi Azərbaycan İcmasının, gənclər təşkilatlarının üzvləri, ağsaqqallar, ziyalılar, müəllimlər, tələbələr və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram Yusifov çıxış edərək konfrans iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin adından salamlayıb. Bildirib ki, ağsaqqalların və gənclərin Qərbi azərbaycanlılara dəstəyi devizi ilə keçirilən tədbir böyük əhəmiyyətə malikdir. O, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının Qərbi Azərbaycan İcmasının yerli nümayəndəliklərinə göstərdiyi dəstəyi qeyd edib və bütün təşkilatları bu prosesə qoşulmağa çağırıb.

Adil Tağıyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından tədbir iştirakçılarını salamlayaraq ağsaqqalların və  gənclərin Azərbaycan tarixində hər zaman xüsusi yeri olduğunu diqqətə çatdırıb. Müavin Azərbaycan Ağsaqqallar Şurasının təşəbbüsü ilə keçirilən regional konfransı Qərbi Azərbaycana qayıdış istiqamətində növbəti uğurlu addım hesab edib.

Çıxış edən natiqlər yüz minlərlə Qərbi azərbaycanlıların haqlarının bərpası və onların öz ata-baba yurdlarına qayıdışının həyata keçirilməsi üçün böyük işlər görüldüyünü vurğulayıblar. Qeyd ediblər ki, öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurd-yuvalarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə hər bir təşkilat, hər bir vətəndaş əlindən gələni etməlidir.

Tədbirdə “Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycançılıq ideologiyasının gənc nəslin tərbiyəsində və vətənpərvərlik hisslərinin aşılanmasında rolu”, “Vətənpərvər Azərbaycan gəncliyinin Qarabağ zəfərindən Qərbi Azərbaycana aparan yol” mövzularında məruzələr dinlənilib.

Konfransda akademik Fuad Əliyev Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən səmərəli fəaliyyətinə görə və 75 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunub.

Yekunda Gəncə Şəhər Ağsaqqallar Şurasının qadın üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.  

 

 

Keçidlər