Gəncədə “Ahıllar üçün günərzi qayğı mərkəzi”ndə 30-a yaxın şəxs tibbi müayinədən keçirilib
Gəncə şəhərində fəaliyyət göstərən “Ahıllar üçün günərzi qayğı mərkəzi”ndə tibbi müayinə aksiyası təşkil edilib. Aksiya çərçivəsində “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin müxtəlif ixtisaslı (terapevt, nevroloq, kardioloq (EKQ), travmatoloq, LOR, ümumi cərrah, oftalmoloq, USM) həkimləri tərəfindən ahıl vətəndaşlar müayinə edilib, onlara zəruri tibbi xidmətlər göstərilib.
Sağlamlıqlarında problem aşkarlanan şəxslərdən qan analizi nümunələri götürülüb və onlar tibb müəssisəsinə dəvət olunublar.
Tibbi aksiya çərçivəsində ümumilikdə 30-a yaxın şəxsə xidmət göstərilib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində baş tutan müayinələrin əsas məqsədi yaşlı nəslin nümayəndələrinin ümumi sağlamlıq vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi, mümkün fəsadların vaxtında aşkarlanması və tibbi xidmətə əlçatanlığın təmin olunmasıdır.
Məlumat üçün bildirək ki, Gəncə şəhərində “Ahıllar üçün günərzi qayğı mərkəzi” Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamının icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət sifarişləri əsasında yaradılıb. “Ahıllar üçün günərzi qayğı mərkəzi”nin fəaliyyəti “Regional İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi tərəfindən həyata keçirilir.






