Gəncədə “Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusundakı elmi-praktik konfrans keçirilib
Konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasinin Nizami Gəncəvi adina Ədəbiyyat İnstitutu və Gəncə Bölməsi tərəfiinin təşkilatçılığı ilə görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunub.
Konfransda AMEA-nın pezidenti, akademik İsa Həbibəyli, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, professor Nozliya Normuradova, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi, filologiya elmləri doktoru Gülbahar Aşurova , böyük alimin övladı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı, Özbəkistanın Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetinin nümayəndələri, elm və təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar iştirak ediblər.
Əvvəlcə konfran iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Nizami Gəncəvi Məqbərəsində və dahi şairin adını daşıyan Muzeydə olublar. AMEA rəhbərliyi tərəfindən Nizami Gəncəvi Muzeyinə akademik Həmid Araslının böyük şairimiz Füzulinin yaradıcılığına həsr olunan tədqiqatlarına dair kitab hədiyyə edilib. Bununla yanaşı, qonaqlar AMEA Gəncə Bölməsində təşkil olunan elmi nəşrlərdən ibarət sərgiyə baxış keçiriblər.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Akademik Fuad Əliyev Azərbaycan, eləcə də Şərq dünyası ədəbiyyatşünaslıq elminin nəhəng simalarından olan akademik Həmid Araslı ilə bağlı əlamətdar tarixə, onun anadan olmasının 115 illiyinə həsr olunmuş bu mötəbər elmi forumun iştirakçılarını alimin doğma yurdu Gəncədə salamlamaqdan məmnunluq duyduğunu bildirib.
Akademik İsa Həbibbəyli böyük alim Həmid Araslının füzulişünaslığımızın başlanğıcında durduğunu qeyd edb. Bildirib ki, dahi şair Nizami Gəncəvinin Gəncəyə bağlı, Azərbaycan şairi olmasını alim 50 il bundan qabaq yazdığı “Şairin həyatı” kitabında sübut edir və bu əsər müasir tədqiqatlar üçün də mötəbər mənbədir.
Çıxışının sonunda o, AMEA tərəfindən nəşr edilən Həmid Araslının Füzuli yaradıcılığına dair kitabının yeni nüsxələrini Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyevə, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevə və Nizami Gəncəvi Mərkəsinin direktoru Əlimuxtar Muxtarova hədiyyə edib. Bununla yanaşı, akademik İsa Həbibbəyli AMEA adından daha bir hədiyyəni, 11-ci əsrdə yaşamış Mahmud Kaşğarinin “Divani-lüğəti-türk”əsərinin Azərbaycanca nəşrini Gəncə Şəhər İcra Hakimiyyətinə və AMEA Gəncə Bölməsinə təqdim edib.
Adil Tağıyev iştirakçıları, o cümlədən Özbəkistandan gəlmiş nümayəndə heyətini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, akademik Həmid Araslının irsi ilə bağlı keçirilən elmi konfransın işinə uğurlar arzulayıb. O, Nizami yurdunun yetirməsi olan Həmid Araslının yaradıcılığını milli sərvətimiz kimi səciyyələndirib.
Konfransda çıxış edən qonaqlar Həmid Araslının həyat və elmi fəaliyyətinə nəzər salıb, onunla bağlı xatirələrini bölüşüblər.
Konfransdan sonra AMEA Gəncə Bölməsində Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında memorandum imzalanıb. Sənədi AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, akademik Şuxrat Siracəddinov imzalayıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.