Gəncədə alternativ enerji mənbələrinə dair konfrans keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və AR ETN Bioresurslar İnstitutunun (Gəncə) təşkilatçılığı ilə AMEA Gəncə Bölməsində “Təbii ehtiyatlar və tullantıların alternativ enerji kimi emalının aktual problemləri” mövzusunda iki günlük Respublika elmi - konfransı keçirilib.
“Yaşıl Dünya Naminə Həmrəylik İli”nə və COP29-a həsr olunmuş konfransda AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, AR ETN Bioresurslar İnstitutunun (Gəncə) direktoru, dosent İmran Qasımov, Şəki Regional Elmi Mərkəzin direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü, elmi işçilər və alimlər iştirak ediblər.
Əvvəlcə qonaqlar AMEA Gəncə Bölməsinin foyesində əyani vəsaitlərdən ibarət sərgiyə baxış keçiriliblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlayıb.
Akademik Fuad Əliyev konfransın hazırki dövr üçün həlli çox vacib və aktual mövzuları əhatə etdiyinə bildirib. Akademik iki gün ərzində davam edəcək bu elmi forumun müvəffəqiyyətlə keçəcəyinə ümid etdiyini qeyd edib.
Yadigar Bədəlov itədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, konfransın gedişatına uğurlar arzulayıb. O, həmçinin xatırladıb ki, ölkə rəhbərinin şəhərimizə göstərdiyi xüsusi diqqət və qayğısının nəticəsi kimi, Avropa Yenidənqurma və Inkişaf Bankınin "Yaşıl şəhərlər" Proqramına Azərbaycanda ilk olaraq məhz Gəncə şəhəri qoșulub.
İmran Qasımov tədbirin yüksək elmi əhəmiyyət daşıdığını, təqdim olunmuş onlarla məruzənin elmi-nəzəri və əməli baxımdan faydalı olduğunu vurğulayıb.
Konfransda çıxış edən alimlər son dövrlərin qlobal texnoloji xüsusiyyətlərinin nəticəsi olaraq yaranmış ekoloji planetar problemlərin ölkəmizdən də yan keçmədiyini xatırladıblar. Onların həlli yollarının araşdırılmasında ölkəmizin elm ocaqlarının birgə koordinasiyalı fəalliyyətlərinin vacib olduğunu qeyd ediblər.
Konfransın ilk günündə elmi işçilər “Aqrar sektorda pestisidlərin lokal tətbiqi üçün innovativ texnologiyaların işlənməsi”, “Bombyx mori və saturnia pyri ipəkqurdu baramalarından ipək istehsalı prosesində ortaya çıxan pupların ekoloji səmərəliliyinin və qida əhəmiyyətinin qiymətləndirilməsi aspektləri” və digər mövzularda məruzələrlə çıxış ediblər.
Konfransın ikinci günündə bölmələr üzrə çıxışlar davam etdirilib. Konfransa təqdim edilmiş 40-dan çox elmi məruzələr ayrıca kitabça şəklində çap olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.