Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin (AİM) birgə təşkilatçılığı ilə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib.
Forumda Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim, “KOİCA ODA Azərbaycan” layihəsinin rəhbəri Soo Hyun (Simon) Rhee, “Kök Projekt” şirkətinin həmtəsisçisi Semi Hakim və universitetin kollektivi iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Sonra Gəncə Dövlət Filarmoniyasında nümayiş olunan ölkənin müxtəlif yerlərindən tədbirdə iştirak edən 30-dan çox startap tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrundan canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Niyazi Bayramov qonaqları salamlayaraq bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu dövlət siyasəti nəticəsində ölkəmizdə aqrar sahə dinamik inkişaf edir. Günümüzdə bu sahənin müasirləşdirilməsi üçün müvafiq işlər görülür. Aqrar yeniliklərin fermerlər, sahibkarlar və gənclər arasında təbliği ilə bağlı bir çox tədbirlər həyata keçirilir.
Məcnun Məmmədov bildirib ki, bu gün dünyada su və torpaq resursları öz istehsal imkanlarının təhlükəli həddinə yaxınlaşır. Dünya əhalisinin artımı ilə ərzağa tələbat artır, bu səbəbdən torpaq və su resursları üzərində təzyiq çoxalır. Qlobal iqlim dəyişikliyi, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Bütün bunlar aqrar sahədə innovasiyaların tətbiqini daha da aktuallaşdırır.
Zəfər Qurbanov çıxış edərək “Aqrar İnnovasiya və Startaplar” forumunun keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor qeyd edib ki, bu cür tədbirlərin xüsusilə regionlarda həyata keçirilməsi bölgələrdə startapların inkişafına xüsusi təkan verəcək.
Çıxışlardan sonra ADAU və aqrar startaplar haqqında videoçarx nümayiş olunub.
Daha sonra Anar Cəfərovun moderatorluğu ilə ADAU-nun rektoru Zəfər Qurbanovun, “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərimin, “KOİCA ODA Azərbaycan” layihəsinin rəhbəri Soo Hyun (Simon) Rhee və “Kök Projekt” şirkətinin həmtəsisçisi Semi Hakimin iştirakı ilə “Aqrar startaplar ekosisteminin vəziyyəti və çağırışlar” mövzusunda panel müzakirə keçirilib.
Forum günün ikinci yarısında aqrar sahədə uğur qazanmış startapların təqdimatı ilə davam edib.