Gəncədə “Aqrar islahatlar 30: Nailiyyətlər və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Aqrar islahatlar 30: Nailiyyətlər və perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov elmi-praktiki konfransın əhəmiyyətindən bəhs edib. O, 1990-cı illərin sonlarından etibarən həyata keçirilən aqrar islahatların Azərbaycan kənd təsərrüfatının inkişafında əsaslı dönüş yaratdığını vurğulayıb, bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin strateji nəticələrindən danışıb. Rektor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sektora diqqəti və qayğısı sayəsində dövlət büdcəsindən ayrılan vəsait hesabına ADAU-nun maddi-texniki bazası yenidən qurulub, tədris korpusları əsaslı təmir və bərpa edilib, yeni korpuslar inşa edilib. Bu, universitetə tədris prosesinin keyfiyyətinin yüksəlməsinə zəmin yaradıb.
Konfransda çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov ötən 30 ildə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə, qəbul edilən qərarlar, həyata keçirilən islahat və kompleks tədbirlər planı aqrar sahədə dayanıqlı inkişafın təməl prinsiplərini formalaşdırıb. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən rəhbərliyi nəticəsində bu sahədə atılan addımlar sonrakı illərdə kənd təsərrüfatında davamlı inkişaf üçün etibarlı zəmin yaradıb. Nazir Məcnun Məmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Dövlət başçısının tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi aqrar islahatların həyata keçirilməsi məqsədilə genişmiqyaslı tədbirlər görür. Bu tədbirlər bütövlükdə fermerlərin rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov aqrar sahədə fəaliyyət göstərən KOB-ların inkişafı üçün yaradılan mexanizmlər, dövlət dəstəyi tədbirləri və yerli fermerlərin təşəbbüskarlığının stimullaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev regionda kənd təsərrüfatının inkişafı, infrastruktur layihələri və aqrar sahədə insan kapitalının gücləndirilməsi sahəsində həyata keçirilən layihələr barədə fikirlərini bölüşüb.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov son illər ərzində aparılan elmi-tədqiqat işləri və onların nəticələrinin praktik sahəyə inteqrasiyasına toxunub.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ümummilli Lider Heydər Əliyevin aqrar sahənin inkişafına verdiyi önəmdən bəhs edib, bu sahənin davamlı inkişafı üçün görülən işlərə diqqət çəkib.