Gəncədə autizm spektr pozuntuları ilə bağlı maarifləndirici görüş keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin və İcma Əsaslı Reabilitasiya Mərkəzinin (UAFA) təşkilatçılığı ilə autizm spektr pozuntuları olan uşaqlarla bağlı maarifləndirici görüş keçirilib. Tədbirdə səhiyyə sahəsində çalışan mütəxəssislər, təhsil işçiləri, eləcə də autizm spektr pozuntusu olan uşaqların valideynləri iştirak ediblər. Görüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiya”sının 2025-ci il üçün “Tədbirlər Planı”nın müvafiq bəndinin icrası ilə əlaqədar təşkil olunub.
İcma Əsaslı Reabilitasiya Mərkəzinin (UAFA) loqopedi Nərminə Rzayeva təqdimatla çıxış edərək dünyada və ölkəmizdə autizm spektr pozuntusunun yayılma vəziyyəti, erkən diaqnostikanın əhəmiyyəti və autizmli şəxslərin reabilitasiyası istiqamətində görülməsi vacib olan tədbirlər barədə ətraflı məlumat verib. O, autizmin yalnız tibbi deyil, eyni zamanda sosial və psixoloji aspektlərinin də mövcud olduğunu vurğulayıb.
Çıxış zamanı qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən tibbi və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əhali arasında autizmlə bağlı məlumatlılığın artırılması, eləcə də autizmli şəxslərin cəmiyyətə inteqrasiyasının təmin olunması əsas prioritet məsələlərdəndir. Bu istiqamətdə səhiyyə, təhsil və ailə əməkdaşlığının xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
İştirakçıların aktivliyi ilə keçən tədbirdə autizmin əsas əlamətləri, özünü göstərmə formaları, erkən yaş dövrlərində müşahidə olunan davranış xüsusiyyətləri, həmçinin autizmli uşaqlarla düzgün ünsiyyət və davranış qaydaları haqqında ətraflı izahlar verilib. Valideynlərə gündəlik həyatda tətbiq oluna biləcək praktik tövsiyələr təqdim edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və bu kimi maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.






