Gəncədə “Avropa Şəhərciyi – 2026” tədbirinin açılış mərasimi keçirilib
Gəncədə “Avropa İttifaqı ilə Azərbaycan arasında 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi – 2026” tədbirinin rəsmi açılış mərasimi baş tutub.
Gəncənin Heydər Əliyev adına Meydanında təşkil olunan açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Mariyana Kuyundziç, 16 üzv dövlətin diplomatları, eləcə də şəhər sakinləri iştirak ediblər.
Tədbir çərçivəsində əsas səhnədə “Avropa Şəhərciyi – 2026”nın rəsmi açılış mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının və Avropa İttifaqının himnlərinin səsləndirilməsi ilə başlayıb.
Xanım Mariyana Kuyundziç çıxışında şəhər sakinlərini salamlayıb və tədbirin təşkilinə göstərilən dəstəyə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürünü bildirib. Daha sonra tədbirdə iştirak edən diplomatlar öz ana dillərində Gəncə sakinlərini salamlayaraq onlara xoş arzularını çatdırıblar.
Qonaqlar Avropa İttifaqına üzv dövlətlərin çadırlarına baxış keçirərək burada Aİ və üzv ölkələr barədə geniş məlumat əldə ediblər. Bununla yanaşı, onlar Gəncəyə həsr olunmuş pavilyonu da ziyarət ediblər. Pavilyonda şəhərə məxsus əl işləri, sənətkarlıq nümunələri və digər sərgi eksponatları nümayiş olunub. Ardınca Niyazi Bayramov xanım Mariyana Kuyundzicə hədiyyə təqdim edib, eləcə də rəsmilər arasında qarşılıqlı hədiyyə mübadiləsi həyata keçirilib.
“Avropa Şəhərciyi – 2026” tədbirində bütün yaş qrupları üçün zəngin və əhatəli proqram təqdim olunub. Tədbir çərçivəsində uşaqlar üçün üzboyama, kukla tamaşaları, stolüstü oyunlar və digər əyləncəli fəaliyyətlər təşkil edilib. Əsas səhnədə isə viktorinalar, mükafatlı mini yarışmalar keçirilib, Avropa və Azərbaycanın zəngin musiqi və rəqs proqramları nümayiş olunub.






