Gəncədə Azərbaycan - Aİ əməkdaşlığının 30 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
“Aİ–Azərbaycan: 30 illik tərəfdaşlıq” mövzusunda keçirilən “Avropa Şəhərciyi – 2026” tədbiri çərçivəsində ağacəkmə aksiyası baş tutub.
Heydər Əliyev Park-Xiyaban Kompleksinin ərazisində keçirilən aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Mariyana Kuyundziç və 16 üzv dövlətlərin diplomatları iştirak ediblər.
Niyazi Bayramov Gəncənin ən iri yaşıllıq zonalarından biri olan Heydər Əliyev Park-Xiyaban Kompleksi barədə qonaqlara məlumat verib. Şəhər rəhbəri bildirib ki, təxminən 450 hektar sahəni əhatə edən kompleks şəhərin ekoloji tarazlığının qorunmasında və yaşıllıq sahələrinin genişləndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, bu il Azərbaycan ilə Avropa İttifaqı arasında diplomatik və əməkdaşlıq münasibətlərinin 30 illiyi qeyd olunur.






