Gəncədə Azərbaycan dilinin düzgün tətbiq olunmasına dair maarifləndirmə tədbiri keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində və mediada Azərbaycan dilinin düzgün tətbiq olunması” mövzusunda dəyirmi masa keçirilib.
AMEA Gəncə Bölməsində keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, AMEA-nın Gəncə Bölməsinin və media qurumlarının əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov açıb. O, görüşün iştirakçılarını Bölmənin sədri, akademik Fuad Əliyevin adından salamlayaraq, Azərbaycan dilinin dünyanın ən zəngin, eyni zamanda geniş ifadə imkanlarına sahib dillərindən oluğunu vurğulayıb.
Dəyirmi masada Əlimuxtar Muxtarovun “Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri”, AMEA-nın Gəncə Bölməsinin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyevanın “Azərbaycan folkloru və ana dilimiz”, AMEA-nın Gəncə Bölməsinin elmi katibi Günay Cəfərovanın “Qərb qrupu dialektlərinin ümumiləşdirilmiş xüsusiyyətləri” və AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəızinin Nizami irsində sənətşünaslıq şöbəsinin müdiri Təranə Verdiyevanın “Ana dilimiz milli dəyərimizdir” mövzularında məruzələri dinlənilib.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb və bir sıra təkliflər irəli sürülüb.