Gəncədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının konsert proqramı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş musiqili-tarixi esse təqdim olunub.
Gəncə Dövlət Filarmoniyasında keçirilən konsert proqramında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Razi Nurullayev, Müşfiq Cəfərov, Türkiyənin Gəncədəki vitse-konsulu, şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri qonaq qismində iştirak ediblər.
Musiqili-tarixi esse kimi təqdim olunan tamaşada Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, dahi şəxsiyyətin həyat və fəaliyyətinə nəzər salınıb.
Konsert proqramının bədii rəhbəri Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidovdur.
Tədbirdə teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar İbrahim Əlizadə, Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda xatirə şəkli çəkdirilib.