Gəncədə Azərbaycan Qadınlarının VI Qurultayının yerli toplantısı keçirilib
03 Oktyabr 2023-cü il tarixində Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayının yerli toplantısı keçirilib. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhərin ictimai, siyasi, elm, təhsil və digər sahələrində çalışan qadınlar iştirak ediblər. Toplantıya ümumilikdə 30 fəal qadın cəlb olunub.
İclasda bildirilib ki, ölkə tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən bu tədbirlərdə gələcəyin qadın hərəkatının əsası qoyulub və bununla da cəmiyyət həyatında, ictimai-siyasi proseslərdə qadınların rolu əhəmiyyətli dərəcədə artıb. Bugün bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Daha sonra toplantıda bölgələrdə yaşayan qadınların üzləşdiyi problemlər müzakirə olunub. Müzakirələr əsasən, erkən və qohum nikahları, ailədaxili məişət zorakılığı hallarının baş verməsi və digər məsələlər ətrafında aparılıb.
Sonda toplantı iştirakçılarının sözgedən problemlərin aradan qaldırılması istiqamətində təqdim etdikləri rəy və təkliflər dinlənilib.