Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib

07 noyabr 2026 | 15:04

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilib.

Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, millət vəkili Rizvan Nəbiyev, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhərin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Forumun açılışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,

Niyazi Bayramov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, QHT-lərin fəaliyyətinə geniş imkanlar yaradıldığını vurğulayıb. Qeyd edib ki, qeyri-hökumət təşkilatları müxtəlif sahələrdə həyata keçirdikləri təşəbbüs və layihələrlə cəmiyyətin inkişafına mühüm töhfə verirlər.

O bildirib ki, tədbirin əsas məqsədi görülən işlərin nəticələrini dəyərləndirməklə yanaşı, qarşıdakı dövrün çağırışlarını müəyyənləşdirmək, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın yeni istiqamətlərini müzakirə etməkdir.

Aygün Əliyeva Agentliyin ötən forumdan sonra 21 dövlət proqramı üzrə nəzərdə tutulan 113 tapşırığın icrasında 98,63 faizlik nəticə əldə etdiyini diqqətə çatdırıb. O, hesabat dövründə QHT sektorunun inkişafı, təşkilatların institusional potensialının gücləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən də bəhs edib.

Bildirilib ki, gələn il Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsi planlaşdırılır. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Asiya və Avropa arasında əməkdaşlıq formatı (ASEM) və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı istiqamətində də işlər davam etdiriləcək.

Digər çıxış edənlər də forumun əhəmiyyətindən danışaraq, dövlət və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi baxımından belə platformaların önəmini vurğulayıblar.

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan forumda 400-dən çox vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.

Rəsmi hissədən sonra “QHT-lərin sosial media, rəqəmsallaşma və süni intellekt bacarıqları”, “Azərbaycan QHT-ləri milli maraqların keşiyində” və “WUF13 irsi QHT təşəbbüslərində” mövzularında panel müzakirələri keçirilib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə QHT-lərin müraciəti qəbul olunub.

Forum bədii proqramla başa çatıb.

 

Keçidlər