Gəncədə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib. "Biomüxtəliflik - təbiətin harmoniyası" devizi altında keçirilən tədbir F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının önündə baş tutub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və şəhər ictimaiyyəti iştirak ediblər.
Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkədə ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Məhz bu uğurlu ekoloji siyasətin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, bitki örtüyü, yüzlərlə parkı, qoruğu var. Xüsusilə milli parklara, yaşıllıqlara, qoruqlara ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. O da qeyd olunub ki, hazırda, ölkə ərazisinin 10,3 faizini xüsusi mühafizə olunan sahələr tutur. 2024-cü ilin sonunadək yeni milli parkların yaradılması da planlaşdırılır.
Tədbirdə ölkə ərazisindəki 10 milli park öz stendləri ilə təmsil olunub. Ziyarətçilər xüsusi mühafizə olunan təbiət əraziləri ilə bağlı məlumatlandırılıblar. Milli parklara aid videoçarxlar, ekoturizm marşrutları nümayiş etdirilib.
Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin yetirmələrinin milli parklara aid rəsm əsərlərindən ibarət sərgi təqdim edilib. Bununla yanaşı, “Xəmsə” Uşaq Rəqs Ansamblının, Uşaq İncəsənət Məktəbinin nağara ifaçıları ansamblının üzvlərinin çıxışaları, həmçinin solist Əli Məmmədovun ifası böyük maraqla qarşılanıb.